Ən uzun gecəniz olan Çilə gecəniz mübarək
21.12.2021
Ən uzun gecə olan çillə gecəsi milli dəyərlərimizin tərkib hissəsidir. Çillə gecəsi — Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən ən uzun gecədir. Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir.
Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir.
Bu bayram xüsusi qeyd edildiyi üçün bir neçə gün əvvəldən hazırlıq görülərdi. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yiğışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər.
Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Qarpızın qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Qoz (cəviz) halvası, kök (həvic) halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində çillə qarpızı olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur.
Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilirmiş. Belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olurmuş. Çilləyə saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Çillə qarpızı xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayardılar. Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır. Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti də icra olunur. Bu zaman qarpızın baş tərəfini kəsərək dörd yerə ayırıb atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutub atılması, bəlkə də, dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və yaşıl) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Xalq arasındakı inanca görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində mövcud olan adətə əsasən, çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Həmin gecə süfrəyə adları "q" hərfi ilə başlayan nemətlər düzülərmiş. Məsələn qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və sair.